Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti neft neft-qaz sektoru Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Hüseyn Büyükfırat

“Azərbaycanın neft-qaz sektorundan kənarda da böyük inkişaf potensialı var” - Hüseyn Büyükfırat

BAKI,TurkicWorld

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin yeni mərhələsində əsas hədəf yalnız ticarət dövriyyəsinin artırılması deyil, həm də qarşılıqlı investisiyaların genişləndirilməsi, birgə istehsal və yüksək texnologiyalı layihələrin reallaşdırılmasıdır. Bu baxımdan, iki ölkənin iş dünyası arasında birbaşa əlaqələrin gücləndirilməsi, sahibkarların qarşılaşdıqları məsələlərin çevik həlli və biznes mühitinin daim təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

TurkicWorld xəbər verir ki, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) sədri Hüseyn Büyükfırat "vergiler.az"a müsahibəsində iki ölkənin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün atılmalı addımlardan, türk investorların Azərbaycanın qeyri-neft sektoruna marağından, eləcə də vergi və biznes mühitinin inkişafında dövlət-biznes dialoqunun rolundan danışıb.

Qeyd edək ki, ötən ay İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə TÜİB arasında Açıq Dialoq Platforması çərçivəsində B2G formatında görüş keçirilib. Görüşdə DVX və TÜİB rəhbərliyi, sahibkarlar və biznes sahəsinin təmsilçiləri iştirak ediblər.

- Hüseyn bəy, gəlin söhbətə DVX ilə TÜİB arasında təşkil olunmuş Açıq Dialoq Platforması ilə başlayaq. Sizcə, bu format biznes mühitinin təkmilləşdirilməsi baxımından hansı praktiki imkanlar açır?

- Açıq Dialoq Platformasını biznes ictimaiyyəti ilə dövlət qurumları arasında birbaşa və konstruktiv kommunikasiya üçün mühüm format hesab edirik. Biznesin inkişafı üçün qanunvericilik və inzibati mexanizmlərin sahibkarların gündəlik fəaliyyətində necə tətbiq olunduğunu bilmək çox vacibdir. Bəzən qanunun özü ilə bağlı deyil, onun tətbiqi zamanı yaranan praktiki məsələlər sahibkar üçün əlavə suallar və çətinliklər yarada bilir. Məhz bu baxımdan, DVX ilə keçirdiyimiz Açıq Dialoq Platforması çərçivəsində biznes nümayəndələrinin suallarını birbaşa aidiyyəti qurumun rəhbərliyi və mütəxəssislərinə ünvanlaması mühüm imkan yaradır. Biz bu formatı sadəcə sual-cavab görüşü kimi deyil, problemlərin müəyyənləşdirilməsi, qarşılıqlı anlaşmanın formalaşdırılması və mümkün həll yollarının müzakirə edilməsi üçün institusional dialoq mexanizmi kimi görürük.

TÜİB olaraq bizim üçün əsas məsələ biznesin səsinin dövlət qurumlarına düzgün və sistemli şəkildə çatdırılmasıdır. Eyni zamanda dövlət tərəfindən tətbiq edilən mexanizmlərin sahibkarlara daha aydın şəkildə izah olunması da biznes mühitində şəffaflığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Hesab edirəm ki, belə platformaların davamlı xarakter daşıması və müxtəlif sektorlar üzrə mütəmadi keçirilməsi biznes mühitinin daha da təkmilləşdirilməsinə praktiki töhfə verə bilər.

Biznesin inkişafı üçün qanunvericilik və inzibati mexanizmlərin
sahibkarların gündəlik fəaliyyətində necə tətbiq olunduğunu bilmək çox vacibdir

- Açıq Dialoq Platforması çərçivəsində biznes ictimaiyyətinin təkliflərinin vergi qanunvericiliyinə inteqrasiyası mexanizmini TÜİB necə qiymətləndirir və bu prosesə hansı töhfələri verməyi planlaşdırır?

- Biznes ictimaiyyətinin təkliflərinin qərarverici və qanunvericilik proseslərində nəzərə alınması sağlam biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki sahibkar qanunvericiliyin gündəlik praktikada necə işlədiyini birbaşa təcrübədən keçirən tərəfdir. Burada məqsəd yalnız sahibkarların hər bir təklifinin avtomatik şəkildə qanunvericiliyə daxil edilməsi deyil, əsas məsələ biznesdən gələn təkliflərin sistemli şəkildə toplanması, təhlil edilməsi və aidiyyəti qurumlarla müzakirəyə çıxarılmasıdır.

TÜİB olaraq bu prosesdə öz üzərimizə düşən məsuliyyəti bizneslə dövlət arasında etibarlı kommunikasiya körpüsü yaratmaq kimi görürük. Üzvlərimizdən daxil olan müraciətləri və təklifləri ümumiləşdirərək aidiyyəti dövlət qurumlarına təqdim etmək, sektorlar üzrə yaranan praktiki problemləri gündəmə gətirmək və onların həlli üçün dialoq yaratmaq bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. Xüsusilə vergi və gömrük kimi biznes fəaliyyətinə birbaşa təsir edən sahələrdə sahibkarın maarifləndirilməsi ilə yanaşı, biznesin real ehtiyaclarının da nəzərə alınması vacibdir. Dialoq yalnız problemlərin səsləndirilməsi ilə yekunlaşmır, eyni zamanda onların həlli üçün qarşılıqlı əməkdaşlıq imkanları yaradır.

Biz bundan sonrakı mərhələdə də üzvlərimizin təkliflərini sistemləşdirərək aidiyyəti qurumlara çatdırmağa, sektoral problemlərin müzakirəsinə şərait yaratmağa və biznes–dövlət dialoqunun daha institusional və davamlı şəkildə inkişafına töhfə verməyə hazırıq.

Dialoq yalnız problemlərin səsləndirilməsi ilə yekunlaşmır,
eyni zamanda onların həlli üçün qarşılıqlı əməkdaşlıq imkanları yaradır

- Azərbaycan və Türkiyə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi qarşısında hazırda hansı mərhələdəyik? TÜİB bu hədəfin reallaşması üçün biznes səviyyəsində nə kimi konkret addımlar atır?

- Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər son illərdə strateji tərəfdaşlığımızın ən mühüm istiqamətlərindən birinə çevrilib. İki ölkə liderləri tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də bu iqtisadi tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına yönəlmiş mühüm bir addımdır. Düşünürəm ki, bu hədəfə çatmaq üçün yalnız mövcud ticarət dövriyyəsini artırmaq kifayət deyil, eyni zamanda yeni sektorları, yeni şirkətləri və yeni əməkdaşlıq modellərini də bu prosesə cəlb etməliyik. TÜİB olaraq bizim əsas rolumuz dövlətlər səviyyəsində müəyyən edilmiş iqtisadi hədəflərin biznes mühitində konkret əməkdaşlıqlara çevrilməsinə töhfə verməkdir. Bu məqsədlə Azərbaycan və Türkiyə iş dünyası arasında biznesdən-biznesə və biznesdən-dövlətə görüşlər təşkil edir, investisiya və ticarət imkanlarını üzvlərimizə təqdim edir, sektoral görüşlər və biznes forumları keçiririk. Ticarətlə yanaşı, birgə istehsal, texnologiya transferi, investisiya və üçüncü ölkə bazarlarına birlikdə çıxış məsələlərinə də ciddi diqqət yetiririk. Çünki bizim fikrimizcə, 15 milyard dollarlıq ticarət hədəfinə çatmağın əsas yollarından biri iki ölkə şirkətlərinin yalnız alıcı və satıcı kimi deyil, həm də birgə investor və istehsalçı kimi fəaliyyət göstərməsidir.

- İnvestisiyalardan söz açdınız. Artıq qarşılıqlı sərmayələr 40 milyard dollar səviyyəsinə çatıb. Türkiyəli investorların Azərbaycanda qeyri-neft sektorlarındakı mövcudluğunu artırmaq üçün hansı yeni addımlar planlaşdırılır?

- Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiyaların çatdığı səviyyə iki ölkə arasındakı etimada əsaslanan iqtisadi münasibətlərin ən mühüm göstəricilərindən biridir. Lakin qarşıdakı dövrdə bizim üçün əsas məsələ yalnız investisiyaların həcminin artırılması deyil, eyni zamanda onların sektorlar üzrə şaxələndirilməsidir. Hesab edirik ki, Azərbaycanın neft və qaz sektorlarından kənarda da çox böyük inkişaf potensialı var. Sənaye, logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, texnologiya, rəqəmsallaşma, müdafiə sənayesi və bərpaolunan enerji bu istiqamətlərin başında gəlir. Türkiyə investorlarının bu sahələrdə Azərbaycanda daha çox istehsal və investisiya həyata keçirməsini vacib hesab edirik. TÜİB olaraq investorların ehtiyaclarını birbaşa öyrənərək onları yerli tərəfdaşlarla, aidiyyəti qurumlarla və potensial layihələrlə əlaqələndirməyə çalışırıq.

Bizim yanaşmamız ondan ibarətdir ki, türk şirkətləri Azərbaycana yalnız məhsul satmaq məqsədilə deyil, həmçinin istehsal yaratmaq, yeni iş yerləri açmaq, texnologiya və təcrübə transfer etmək və Azərbaycandan regional bazarlara çıxmaq məqsədilə gəlməlidirlər.

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər
son illərdə strateji tərəfdaşlığımızın ən mühüm istiqamətlərindən birinə çevrilib

- Bəs türkiyəli iş adamları Azərbaycanda texnologiya, rəqəmsallaşma, müdafiə sənayesi və yaşıl enerji kimi sahələrdə hansı imkanları görürlər?

- Açıq deyim, Türkiyə iş dünyasının Azərbaycana baxışının getdikcə şaxələndiyini görürük. Tikinti, qida, tekstil və xidmət sektorlarında uzun illərə dayanan güclü əməkdaşlıq təcrübəmiz var. Lakin yeni dövrdə texnologiya və yüksək əlavə dəyər yaradan sahələrin daha çox ön plana çıxması qaçılmazdır. Xüsusilə rəqəmsal transformasiya, süni intellekt, proqram təminatı, maliyyə texnologiyaları, “ağıllı şəhər” həlləri, enerji texnologiyaları və bərpaolunan enerji sahələrində mühüm imkanlar müşahidə edirik.

Müdafiə sənayesi də iki ölkə arasındakı strateji əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Burada söhbət yalnız məhsul ticarətindən deyil, həm də birgə istehsaldan, texnologiyaların inkişafından və uzunmüddətli sənaye əməkdaşlığından gedir. Yaşıl enerji sahəsində də Azərbaycanın resursları ilə Türkiyənin texniki və istehsal imkanlarının bir-birini tamamlayan mühüm üstünlükləri var.

Biz xüsusilə texnologiya, kapital və sahibkarlıq potensialının bir araya gətirildiyi birgə layihələri dəstəkləyirik. Qarşıdakı dövrdə iki ölkə şirkətlərinin üçüncü ölkə bazarlarına birlikdə çıxması da mühüm imkanlardan biri olacaq.

- Hüseyn bəy, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində KOB-ların rolunu necə qiymətləndirirsiniz və TÜİB bu əməkdaşlığın genişləndirilməsi üçün hansı addımları atır?

- Hesab edirəm ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etməsi üçün kiçik və orta sahibkarlıq subyektlərinin bu prosesə daha fəal cəlb olunması vacibdir. Sözsüz ki, bu sahədə iri şirkətlərimizin artıq güclü mövqeyi var. Növbəti mərhələdə orta və kiçik sahibkarlıq subyektlərinin bir-birini daha yaxından tanıması, təchizat zəncirlərinə qoşulması və birgə layihələr həyata keçirməsi böyük əhəmiyyət daşıyır. TÜİB olaraq bu istiqamətdə iş adamlarını bir araya gətirən ikitərəfli biznes görüşləri, sektoral toplantılar, biznes forumları və şirkətlərin qarşılıqlı səfərlərini təşkil edirik. Eyni zamanda üzvlərimizin ehtiyaclarını müəyyənləşdirərək onları Azərbaycan və Türkiyədəki potensial iş tərəfdaşları ilə əlaqələndiririk.

Lakin bizim üçün əsas məsələ yalnız görüşlərin keçirilməsi deyil, bu təmasların konkret kommersiya münasibətinə, birgə investisiyaya və ya birgə müəssisəyə çevrilməsi əsas hədəfimizdir. Bu səbəbdən, qarşıdakı dövrdə xüsusilə sektorlar üzrə uyğun tərəfdaşların müəyyənləşdirilməsinə, investisiya layihələrinə çıxış imkanlarının genişləndirilməsinə və iki ölkənin KOB-ları arasında uzunmüddətli əməkdaşlıqların qurulmasına daha çox diqqət yetirməyi planlaşdırırıq.

15 milyard dollarlıq ticarət hədəfinə çatmağın əsas yollarından biri
iki ölkə şirkətlərinin yalnız alıcı və satıcı kimi deyil,
həm də birgə investor və istehsalçı kimi fəaliyyət göstərməsidir

- KOB-ların ikitərəfli ticarətdə fəallığının artırılması baxımından Preferensial Ticarət Sazişi hansı imkanları yaradır? Bu saziş ikitərəfli ticarət göstəricilərinə necə təsir edir?

- Preferensial Ticarət Sazişi Azərbaycan və Türkiyə arasında ticarətin daha da asanlaşdırılması baxımından mühüm addımlardan biridir. Sazişin qüvvəyə minməsi ilə müəyyən məhsul qrupları üzrə ticarətin daha əlverişli şərtlərlə həyata keçirilməsi üçün imkanlar genişlənib. Lakin biznes baxımından hər hansı sazişin əhəmiyyəti yalnız onun imzalanması ilə deyil, praktikada nə dərəcədə istifadə olunması ilə ölçülür. Bu baxımdan, qarşıdakı dövrdə iş adamlarının saziş çərçivəsində yaradılmış imkanlar barədə daha ətraflı məlumatlandırılması vacibdir. Xüsusilə gömrük prosedurları, mənşə qaydaları, sertifikatlaşdırma və digər texniki tələblərlə bağlı şirkətlərin düzgün və operativ məlumat əldə etməsi böyük əhəmiyyət daşıyır.

Biz üzvlərimizin qarşılaşdığı bu kimi praktiki məsələləri aidiyyəti dövlət qurumlarına çatdırmaqla biznes və dövlət arasında həllyönümlü dialoqun formalaşmasına töhfə verməyə çalışırıq. Bir daha vurğulamaq istərdim ki, bizim əsas gözləntimiz mövcud ticarət imkanlarından yalnız iri şirkətlərin deyil, KOB-ların da daha geniş və səmərəli şəkildə faydalanmasıdır.

- Bu imkanların yalnız mövcud ticarətlə məhdudlaşmadığını nəzərə alsaq, Azərbaycanın yeni iqtisadi inkişaf məkanlarında, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda Türkiyə şirkətləri üçün hansı imkanları görürsünüz?

- Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi inkişaf gündəliyində qarşıdakı dövrün ən mühüm regionlarından biri olacaq. Bu günə qədər əsasən infrastruktur, nəqliyyat, yaşayış və tikinti sahələrində böyük işlər həyata keçirilib. İndi isə növbəti mərhələyə – bu ərazilərdə davamlı iqtisadi fəaliyyətin və yeni istehsal ekosistemlərinin formalaşdırılmasına keçirik. Kənd təsərrüfatı və qida emalı, sənaye, logistika, turizm, enerji və xidmət sektorlarında ciddi investisiya imkanları mövcuddur. Xüsusilə kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, qida emalı müəssisələrinin yaradılması, turizm infrastrukturunun genişləndirilməsi və bərpaolunan enerji layihələri baxımından Türkiyə şirkətlərinin böyük təcrübəsi var. Burada bizim üçün əsas məsələ türk şirkətlərinin yalnız layihə əsasında podratçı kimi deyil, uzunmüddətli investor və istehsalçı kimi regionda fəaliyyət göstərməsidir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının iqtisadi inkişafa çevrilməsi, regionda istehsal potensialının artırılması və yeni məşğulluq imkanlarının yaradılması baxımından Azərbaycan və Türkiyə şirkətləri arasında yeni tərəfdaşlıqların qurulacağına inanırıq.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının
formalaşdırılması baxımından tətbiq olunan vergi güzəştləri və
investisiya təşviqi mexanizmləri investorlar üçün mühüm stimul yaradır

- Qeyd etdiyiniz investisiya imkanlarının reallaşdırılmasında işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş mövcud təşviq və güzəştləri necə qiymətləndirirsiniz?

- İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının formalaşdırılması baxımından tətbiq olunan vergi güzəştləri və investisiya təşviqi mexanizmləri investorlar üçün mühüm stimul yaradır. Xüsusilə yeni istehsal və xidmət sahələrinin formalaşdığı bir regionda investorun ilkin xərclərinin və biznes fəaliyyətinin müəyyən dövr ərzində optimallaşdırılması böyük əhəmiyyət daşıyır. Türkiyə şirkətləri baxımından, bu imkanlar daha da önəmlidir. Çünki Türkiyənin müxtəlif sahələrdə – tikinti və infrastrukturdan tutmuş kənd təsərrüfatı, sənaye, logistika, turizm və enerji sektorlarına qədər geniş təcrübəsi mövcuddur.

Hesab edirik ki, Qarabağ və Şərqi Zəngəzurda əsas məsələ yalnız investisiya təşviqlərinin mövcudluğu deyil, investorların bu imkanlar haqqında düzgün və operativ məlumatlandırılmasıdır. Sahibkar hansı güzəştdən, hansı şərtlərlə və hansı müddət ərzində yararlana biləcəyini aydın şəkildə bilməlidir. TÜİB olaraq, bizim rolumuz burada bizneslə dövlət qurumları arasında əlaqələndirici platforma rolunu oynamaqdır. Türk investorların regiondakı imkanları daha yaxından tanıması, konkret layihələr və yerli tərəfdaşlarla əlaqələndirilməsi üçün işgüzar görüşlərin və sektoral dialoqların artırılmasını vacib amil kimi qiymətləndiririk. Əsas gözləntimiz odur ki, bu təşviq mexanizmləri Türkiyə şirkətlərinin regiona marağını yalnız qısamüddətli layihələrə deyil, uzunmüddətli və dayanıqlı investisiyalara yönəltsin.

- Zəngəzur dəhlizinin açılması Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində yeni mərhələ yarada bilərmi? Sizcə, bu faktor türk şirkətləri üçün hansı konkret investisiya imkanlarını ortaya çıxaracaq?

- Zəngəzur dəhlizini yalnız nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin daha da güclənməsi ilə yanaşı, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət yollarının inkişafı baxımından da mühüm potensiala malikdir. Dəhlizin fəaliyyətə başlaması ilə daşımaların müddətinin və logistika xərclərinin optimallaşdırılması, yeni təchizat zəncirlərinin formalaşması, logistika mərkəzlərinin inkişafı və regional ticarətin şaxələndirilməsi üçün yeni imkanlar yarana bilər. Hesab edirik ki, bu proses Türkiyə şirkətləri üçün də yeni investisiya sahələri formalaşdıracaq. Xüsusilə logistika, anbar, yükdaşıma, gömrük xidmətləri, istehsal və paylama mərkəzləri kimi istiqamətlərdə yeni investisiyaların gündəmə gəlməsi mümkündür. Lakin burada əsas məsələ dəhlizin yalnız yüklərin keçdiyi marşruta çevrilməməsidir. Əsas məqsəd marşrut boyunca istehsal, ticarət, logistika və investisiya ekosisteminin formalaşdırılmasıdır.

Azərbaycan və Türkiyənin malik olduğu iqtisadi və strateji imkanları birlikdə nəzərə aldıqda, Zəngəzur dəhlizi iki ölkə arasındakı ticarət əlaqələrinin daha da dərinləşməsinə və türk şirkətlərinin regional bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verə biləcək strateji infrastruktur layihəsidir

Mövzuya görə xəbərlər