Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 4 milyonu ötüb (ÖZƏL)

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 4 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin iyul ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 44 faiz artaraq, 4 milyon 755 min 498 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 32 faiz artaraq 3 milyon 740 min 954 nəfər, beynəlxalq reyslər üzrə isə 1,12 dəfə artaraq 1 milyon 14 min 544 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 51 min 865 ton təşkil edib. Bununla yanaşı, iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 32 min 784 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 91 faiz artaraq, 19 min 81 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 40 min 235 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz artaraq 30 min 440, beynəlxalq reyslər üzrə isə 68 faiz artaraq 9 min 795 olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.