BAKI,TurkicWorld
İran Azərbaycandan idxal etdiyi elektrik enerjisini artırmaqda maraqlıdır.
İranın Energetika Nazirliyinin məlumatına görə, bunu İranın TAVANIR Şirkətinin (İranın Elektrik Enerjisinin İstehsalı, Nəqli və Distributorluğu Şirkəti) icra direktoru Məhəmməd Allahdad 28 sentyabrda Tehranda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovla görüşdə deyib.
"İran və Azərbaycan iki dost, qonşu və qardaş ölkədir. İki ölkə arasında mədəni, tarixi və texniki əlaqələri olmuşdur və elektrik sahəsində də iki ölkə arasında birgə əməkdaşlıq formalaşıb", -deyə o bildirib.
Allahdad bildirib ki, Azərbaycandan birbaşa şəkildə idxal olunan elektrikin həcminin artırılması, müştərək su elektrik stansiyalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi,həmçinin qaz və elektrik svopu diqqət mərkəzində durur.
İcraçı direktor əlavə edib ki, aparılan müzakirələrin nəticələrinə və mövcud potensialları nəzərə alaraq qarşıdan gələn soyuq aylarda Azərbaycandan enerji idxalının artırılması üçün şəraitin yaranacağına ümid edilir.
TAVANIR Şirkətinin rəsmisi deyib ki, idxal olunacaq elektrikin həcminin təyin olunması üçün iki ölkənin mütəxəssisləri mövcud potensialları nəzərə alaraq müxtəlif məkanlarda elektrik şəbəkəsinin qoşulması və texniki işləri araşdıracaqlar.
Allahdad qeyd edib ki, İran və Azərbaycan arasında elektrik enerjisi əməkdaşlığı müxtəlif sərhəd bölgələrində, o cümlədən Naxçıvanla sərhəddə mövcuddur. İki ölkə arasında elektrik əlaqələri və enerji əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi gələn illərdə ikitərəfli münasibətlərin inkişafına şərait yarada bilər.







