Son dəqiqə

İran ABŞ Skott Bessent Sanksiyalar İran aviaşirkətləri Aviasiya

“Bütün İran aviaşirkətləri dünya üzrə fəaliyyətini dayandıracaq” - Skott Bessent

BAKI,TurkicWorld

ABŞ maliyyə naziri Skott Bessent İran aviaşirkətlərinin ABŞ sanksiyalarının təsiri altında yaxın iki gün ərzində dünya üzrə fəaliyyət göstərməkdə ciddi çətinliklərlə üzləşəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Bessent ABŞ telekanalı CNBC-yə müsahibəsində “bütün İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin dayandırılacağını” deyib.

O, İran aviaşirkətlərinin uçuşlarını qəbul edən ölkələrə xəbərdarlıq edərək bildirib ki, həmin şirkətlərə yanacaq, eniş və hava limanı xidmətləri göstərilməsi, eləcə də biletlərin satışı ABŞ-ın maliyyə sanksiyalarına səbəb ola bilər.

Bessent qeyd edib ki, İran aviaşirkətlərinə bu cür xidmətlər göstərən qurumlar ABŞ dolları ilə aparılan maliyyə sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilər.

ABŞ sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar elan edib. Vaşinqton bu tədbirlərin hazırda dünya üzrə uçuşlarını davam etdirən 27 İran aviaşirkətinin fəaliyyətini dayandırmağa yönəldiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi məhdudiyyətlər İran aviasiya sektorunun beynəlxalq maliyyə və xidmət imkanlarına çıxışını çətinləşdirməyi nəzərdə tutur.

Bessentin açıqlaması İran aviaşirkətlərinin beynəlxalq marşrutlarının gələcəyi ilə bağlı yeni suallar yaradıb. Sanksiyaların tətbiq dairəsinin genişlənməsi İranın hava nəqliyyatı sektorunun xarici ölkələrdəki fəaliyyətinə təsir göstərə bilər.

Mövzuya görə xəbərlər