BAKI,TurkicWorld
Polşa və ABŞ-nin hərbi rəhbərliyi "Foreign Military Financing" proqramı çərçivəsində Varşavaya 4 milyard dollar məbləğində kredit zəmanətlərinin təqdim olunması barədə saziş imzalayıb.
Bu barədə Polşanın rəsmi "X" kanalında məlumat yayılıb.
"Baş nazirin müavini Vladislav Kosinyak-Kamış, maliyyə və iqtisadiyyat naziri Andjey Domanovski, Milli İqtisadiyyat Bankının İdarə Heyətinin sədri Miroslav Çekay və Milli İqtisadiyyat Bankının İdarə Heyətinin birinci sədr müavini Marta Postula "Foreign Military Financing" proqramı çərçivəsində maliyyələşdirmə ilə bağlı Polşa və ABŞ arasında saziş imzalayıblar", - Polşa Müdafiə Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Saziş üzrə kreditin məbləğinin 4 milyard dollar təşkil edəcəyini imzalanma mərasimində iştirak edən ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas Dinanno açıqlayıb. Amerikalı diplomatın sözlərinə görə, Vaşinqtonun Varşavaya ayırdığı hərbi kreditlərin ümumi məbləği 20 milyard dollara çatıb.
ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ABŞ-dən "F-35" qırıcıları, 96 ədəd "AH-64 Apache" zərbəçi helikopteri, aviasiya raketləri, "Abrams" tankları, həmçinin "Patriot" hava hücumundan müdafiə sistemləri alır.







