Son dəqiqə

Xorvatiya etiraz aksiyası Zaqreb ətraf mühit ekologiya Lika Tullantılar

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Xorvatiyanın paytaxtı Zaqrebdə on minlərlə insan hökumətin ölkənin mərkəzi hissəsində toplanmış 30 min tondan çox tullantının təmizlənməsinə başlamamasına etiraz edib. Ekoloqlar tullantıların bölgədə içməli su mənbələrini çirkləndirdiyini bildirirlər.

TurkicWorld xəbər verir ki, şənbə günü Zaqrebin mərkəzi meydanında keçirilən nümayiş Xorvatiyada son illərin ən böyük etiraz aksiyalarından biri olub və “Lika üçün yürüş” adlandırılıb.

Etirazın adı tullantıların saxlanıldığı dağlıq Lika bölgəsinin adından götürülüb.

Hakimiyyət orqanları ötən il Lika bölgəsindəki Qospiç şəhəri yaxınlığında 34-37 min ton arasında tullantı aşkarlayıb. Tullantıların böyük hissəsinin 2023-2024-cü illərdə İtaliyadan gətirildiyi bildirilib.

Xorvatiya hökuməti ərazinin təmizlənəcəyinə söz versə də, ekoloji təşkilatlar bu istiqamətdə ciddi irəliləyiş əldə olunmadığını deyirlər.

Ekoloqlar tullantıların tərkibində tibbi və digər sənaye tullantılarının olduğunu, onların Lika bölgəsində havanı, torpağı və suyu çirkləndirdiyini bildirirlər.

Nümayişçilər hökuməti ərazinin təmizlənməsini sürətləndirməyə çağırıb və ətraf mühitin qorunmasına diqqət çəkən şüarlar səsləndiriblər.

Etiraz aksiyası zamanı “Xorvatiyanın ağciyərləri artıq nəfəs ala bilmir”, “Xorvatiyanın məhvinə son qoyun” və “Təbiət bağışlamır” yazılı plakatlar nümayiş etdirilib.

Mövzuya görə xəbərlər