Son dəqiqə

Xorvatiya

Xorvatiya Azərbaycandan qaz təchizatının artımında maraqlıdır

Dublin,TurkicWorld

Xorvatiya Azərbaycan təbii qazının idxalında maraqlıdır. Azərbaycan artıq Xorvatiya bazarını neftlə təchiz edən ölkələrdən biridir.

TurkicWorld-un xüsusi müxbirinin məlumatına görə, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Avropa Siyasi Birliyinin (ASB) Dublində keçirilən sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Xorvatiya enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə, ölkədə mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün terminal tikilib və sonradan onun gücü ildə 1 milyard kubmetrə qədər artırılıb.

"Azərbaycan mədən yanacağı, xüsusilə də neft idxal etdiyimiz və buna görə böyük minnətdarlıq duyduğumuz ölkələrdən biridir. Biz həmçinin qaz tədarükünə də ümid edirik", – deyə Plenkoviç bildirib.

Azərbaycan və Ermənistan arasında sülh prosesini şərh edən Xorvatiyanın Baş naziri hazırda iki ölkə arasında münasibətlərin, onun qiymətləndirməsinə görə, daha konstruktiv və mehriban qonşuluq istiqamətində inkişaf etdiyini qeyd edib.

Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində Avropanın 50-yə yaxın ölkəsinin və digər tərəfdaş dövlətlərin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (EPC) 9-cu sammiti keçirilir.

Görüş Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martinın həmsədrliyi ilə Dublin Konfrans Mərkəzində keçirilir. Sammit "Güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli Avropa" şüarı altında təşkil olunub.

Gündəliyin əsas mövzuları sırasında Avropanın təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqələrin gücləndirilməsi yer alır.

Avropanın müdafiə imkanlarına, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizəyə, həmçinin Avropanın təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələri və ABŞ arasında məsuliyyət bölgüsünə xüsusi diqqət yetiriləcək.

İqtisadi gündəliyə innovasiyaların və rəqəmsal infrastrukturun inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji resurslarının əlçatan və etibarlı təchizatının təmin edilməsi, eləcə də Avropa iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlığının artırılması daxildir.

Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.

Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

EPC-nin növbəti sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Bakıya Avropa liderlərini qəbul etmək, regional məsələlər və daha geniş Avropa gündəliyi üzrə dialoqu davam etdirmək imkanı verəcək.

Dublində Avropa Siyasi Birliyinin sammiti başa çatdıqdan sonra, noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.

Mövzuya görə xəbərlər