BAKI, TurkicWorld
2025-ci ildə Azərbaycandan Xorvatiyaya 666,6 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,255 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,8 milyon dollar və ya 23,7 faiz, həcm baxımından isə 181 min ton və ya 12,6 faiz azdır.
Belə ki, 2024-cü ildə Azərbaycandan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.







