BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri İranın Bəhreyn, İordaniya və İraqın Kürdüstan bölgəsini hədəfə alan hücumlarını kəskin şəkildə pisləyib. Əbu-Dabi İranın hərbi addımlarını “düşmən hücumları” adlandıraraq onların hədəfə alınan ölkələrin suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın hücumlarının qəbuledilməz olduğunu vurğulayıb. Nazirlik bu addımların dövlətlərin suverenliyinə qarşı açıq pozuntu təşkil etdiyini bildirib.
BƏƏ İranın Bəhreyn və İordaniya ilə yanaşı, İraqın Kürdüstan bölgəsinə qarşı həyata keçirdiyi hücumları da pisləyib.
Əmirliklər tərəfi hücumlara məruz qalan ölkələrin təhlükəsizliyinin və sabitliyinin qorunmasının vacibliyini vurğulayıb.
BƏƏ Xarici İşlər Nazirliyi həmin ölkələrin təhlükəsizliyini və sabitliyini qorumaq məqsədilə görülən bütün tədbirlərə dəstəyini bir daha ifadə edib.
Əbu-Dabinin açıqlaması İranın bölgədə bir neçə istiqamətdə həyata keçirdiyi hücumlara qarşı Körfəz ölkələrinin reaksiyalarının sərtləşdiyi bir dövrdə verilib.






