BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin son hücumlarından sonra Tehranın hərbi qarşıdurmada yeni strategiya tətbiq edəcəyini bildirib. O, ABŞ-nin yaxın zamanda İranın döyüş meydanında, diplomatiyada və iqtisadi mühasirəyə qarşı mübarizədə yeni yanaşmasının şahidi olacağını deyib.
TurkicWorld xəbər verir ki, Möhsün Rzayi sosial şəbəkədə yaydığı açıqlamada ABŞ-nin son addımlarının İranı geri çəkilməyə məcbur etməyəcəyini bildirib. O, Vaşinqtonun həyata keçirdiyi hərbi və iqtisadi təzyiqlərin nəticə verməyəcəyini iddia edib.
Rzayinin sözlərinə görə, İranın hazırladığı yeni strategiya yalnız hərbi əməliyyatlarla məhdudlaşmayacaq. Tehran diplomatik müstəvidə və iqtisadi mühasirəyə qarşı mübarizədə də yeni addımlar atmağa hazırlaşır.
İran rəsmisi ABŞ-yə müraciət edərək Vaşinqtonun mövcud siyasətlə yaratdığı vəziyyətdən çıxa bilməyəcəyini söyləyib. O, İranın yeni strategiyasının ABŞ-yə ciddi zərbə vuracağını iddia edib.
Rzayi yeni strategiyanın konkret olaraq hansı hərbi, siyasi və iqtisadi addımları nəzərdə tutduğunu açıqlamayıb.
Açıqlama ABŞ-nin İrana qarşı son zərbələrindən və Tehranla Vaşinqton arasında hərbi gərginliyin yenidən kəskinləşməsindən sonra verilib.







