BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq edən şəxslər və qurumlara qarşı yeni sanksiyalar elan etməyə hazırlaşdığını bildirib. O, açıqlamanı Böyük İyirmiliyin maliyyə toplantısında çıxışı zamanı verib.
TurkicWorld xəbər verir ki, Skott Bessent ABŞ-nin İranın hərbi imkanlarına ciddi zərər vurduğunu iddia edib. Onun sözlərinə görə, İranın hərbi dəniz və hərbi hava qüvvələri, pilotsuz uçuş aparatları ehtiyatları, eləcə də yeni pilotsuz uçuş aparatları istehsal edə bilən müəssisələrinin böyük hissəsi sıradan çıxarılıb.
Bessent İranın yeni pilotsuz uçuş aparatları istehsal etmək imkanına malik müəssisələrinin 85-90 faizinin məhv edildiyini iddia edib. ABŞ maliyyə naziri bu səbəbdən İranın hazırda hərbi baxımdan son dərəcə ağır vəziyyətdə olduğunu söyləyib.
Nazir, həmçinin İrana qarşı tətbiq olunan mühasirənin güclü təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehran üzərində iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir.
Bessent ABŞ-nin İran hakimiyyətini iqtisadi baxımdan ağır vəziyyətə salmağa çalışacağını açıq şəkildə bildirib. Bununla yanaşı, Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə vəsaitlərini və digər sərvətlərini müəyyənləşdirmək istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
ABŞ maliyyə naziri İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə işgüzar əlaqələr quran bütün tərəflərə qarşı yeni sanksiyaların elan ediləcəyini bildirib.







