Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Bişkek Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Mərkəzi Asiya Cənubi Asiya

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

BAKI,TurkicWorld

Qazaxıstan 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlətlərin coğrafi bağlılığı ŞƏT-in strateji üstünlüyüdür.

"Qazaxıstan "Bir kəmər, bir yol" meqalayihəsinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, "Şimal-Cənub" dəhlizinin, eləcə də Mərkəzi və Cənubi Asiya arasında perspektivli ticarət yollarının əlaqələndirilməsinə böyük əhəmiyyət verir. Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatının bütün məkanında nəqliyyat təşəbbüslərinin təşviqinə yardım göstərməyə hazırdır. Gömrük prosedurlarının rəqəmsallaşdırılmasını, elektron sənədlərin qarşılıqlı tanınmasını, "yaşıl dəhlizlər" prinsipinin və digər müasir mexanizmlərin tətbiqini dəstəkləyirik. Yüklərin göndərildiyi məntəqədən son alıcıya qədər maneəsiz müşayiət olunmasını təmin etmək üçün ŞƏT-in Vahid Rəqəmsal Tranzit Platformasının yaradılması səmərəli həll yolu ola bilər. 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edirik", - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Bundan əlavə, Tokayev süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafının ŞƏT ölkələrindən baş verən dəyişikliklərə yalnız uyğunlaşmağı deyil, həm də qabaqlayıcı qərarlar qəbul etməyi tələb etdiyini qeyd edib.

"Əhəmiyyətli elmi və innovasiya potensialına malik ŞƏT dövlətləri təcrübə mübadiləsindən texnologiyaların birgə yaradılmasına və səriştələrin artırılmasına keçidi sürətləndirə, ardıcıl olaraq süni intellekt sahəsində öz ekosistemlərini formalaşdıra bilərlər. Qazaxıstan bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Bu il ölkəmiz Çinin təşəbbüsü ilə yaradılmış Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatının təsisçiləri sırasına daxil olub. Buna görə də ŞƏT-in himayəsi altında üzv dövlətlərin aparıcı universitetlərinin, elmi müəssisələrinin və texnologiya şirkətlərinin iştirakı ilə Süni İntellekt Mərkəzləri Şəbəkəsinin yaradılmasını məqsədəuyğun hesab edirik", - deyə Qazaxıstan dövlət başçısı sözlərinə davam edib.

Mövzuya görə xəbərlər