BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Senatındakı Demokrat Partiyasından olan 45 senator İsrailin Baş naziri Benyamin Netanyahuya məktub ünvanlayaraq işğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların fələstinlilərə qarşı artan zorakılığının və İsrail qüvvələrinin kütləvi həbslərinin dayandırılmasına çağırıblar.
TurkicWorld xəbər verir ki, senatorların məktubunda son həftələrdə İordan çayının qərb sahilində zorakılığın əhəmiyyətli dərəcədə artdığı bildirilib. Qeyd olunub ki, yaranmış vəziyyət İsrail təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatları, fələstinlilərin kütləvi həbsləri və məscidlərə hücumlarla müşayiət olunur.
Senatorlar Netanyahu hökumətini israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılığının qarşısını almaq üçün daha təsirli tədbirlər görməyə çağırıblar.
Məktubda 2022-ci ildən bəri İordan çayının qərb sahilində israilli məskunlaşanlar və ya İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən doqquz ABŞ vətəndaşının ölümü ilə bağlı araşdırmaların genişləndirilməsi də tələb olunub.
Məktub Kaliforniyadan senator Adam Şiff, Nyu-Yorkdan Demokratların Senatdakı rəhbəri Çak Şumer və Nyu-Cersidən senator Kori Buker tərəfindən hazırlanıb.
Çak Şumer ABŞ Konqresində İsrailin ən tanınmış tərəfdarlarından biri hesab olunur. Onun da məktuba qoşulması Demokrat senatorlarla İsrail hökuməti arasında fikir ayrılıqlarının dərinləşməsinin göstəricilərindən biri kimi qiymətləndirilir.
Son dövrdə ABŞ Konqresindəki Demokratlarla İsrail hökuməti arasında Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində həyata keçirilən fəaliyyətlərlə bağlı narazılıqlar artıb.







