Son dəqiqə

Google SpaceX Süni intellekt OpenAI Anthropic

Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic şirkətinin sərmayəçilərə ümumi əlçatan bazarının 30 trilyon dollardan çox olduğunu açıqlamağa hazırlaşdığı bildirilir. Bu göstərici SpaceX şirkətinin 28,5 trilyon dollarlıq qiymətləndirməsini üstələyir.

TurkicWorld xəbər verir ki, məlumatı “Wall Street Journal” yayıb. Şirkət bazarın ölçüsünü müəyyənləşdirərkən süni intellekt vasitəsilə görülə biləcək işlərin ümumi həcmini nəzərə alır.

Ümumi əlçatan bazar müəyyən məhsul və ya xidmətin aid olduğu bazarın hamısını əhatə etdiyi halda əldə edilə biləcək illik gəlir imkanını ifadə edir.

Məlumata görə, bazarın 30 trilyon dollardan çox qiymətləndirilməsi Anthropic şirkətinin yüksək dəyərinin və genişmiqyaslı texniki infrastruktura böyük vəsait ayırmasının əsaslandırılmasına kömək edə bilər.

Bu göstəricinin şirkətin gələcək məhsullarının müəyyənləşdirilməsində, həmçinin OpenAI və Quqlla rəqabət strategiyasının formalaşdırılmasında mühüm rol oynayacağı bildirilir.

Bazarın ölçüsünün qiymətləndirilməsi Anthropic şirkətinin səhmlərinin ilkin açıq satışına hazırlığı baxımından da əhəmiyyət daşıyır. Şirkətin gələcək dəyərinin böyük ölçüdə gəlir artımı ilə bağlı gözləntilərdən asılı olacağı bildirilir.

SpaceX may ayında səhmlərinin ilkin açıq satışına dair sənədlərində fəaliyyət göstərdiyi sahələr üzrə ümumi bazar imkanlarını 28,5 trilyon dollar qiymətləndirib və bunun böyük hissəsini süni intellekt texnologiyaları ilə əlaqələndirib.

Anthropic isə 2028-ci ildə illik gəlirinin təxminən 190–200 milyard dollara çatacağını gözləyir. Şirkətin səhmlərinin ilkin açıq satış zamanı əldə edə biləcəyi dəyərin də bu gəlir gözləntilərindən əhəmiyyətli dərəcədə asılı olacağı bildirilir.

Mövzuya görə xəbərlər