Son dəqiqə

İran Tehran Oman Abbas Əraqçi Maskat Bədr əl-Busaidi

İran və Oman xarici işlər nazirləri Tehranda Hörmüz boğazını müzakirə ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda görüşüblər. Danışıqların əsas mövzularından biri Hörmüz boğazındakı vəziyyət və burada gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi olub.

TurkicWorld xəbər verir ki, görüş İran və Oman arasında Hörmüz boğazı ilə bağlı davam edən siyasi məsləhətləşmələr çərçivəsində keçirilib. Tərəflər Tehran və Maskat arasında bu istiqamətdə əldə edilmiş son razılaşmaları nəzərdən keçiriblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, bölgədəki mövcud vəziyyət də müzakirə olunur.

Onun sözlərinə görə, Bədr əl-Busaidinin Tehran səfəri İran və Oman arasında əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də iki ölkə arasında davamlı siyasi məsləhətləşmələrin davam etdirilməsinə xidmət edir.

Danışıqlarda Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün müəyyən edilmiş su yolunun yaradılması ilə bağlı razılaşmanın əsas diqqət mərkəzində olduğu bildirilir.

İran və Oman Hörmüz boğazına çıxışı olan iki ölkə kimi son dövrdə bu strateji su yolunda vəziyyətin sabitləşdirilməsi istiqamətində intensiv danışıqlar aparırlar.

İran Xarici İşlər Nazirliyi hesab edir ki, Tehran və Maskat arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər.

Bədr əl-Busaidinin Tehran səfəri zamanı İranın digər yüksək vəzifəli rəsmiləri ilə də görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər