BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı “misilsiz” iqtisadi sanksiyalar tətbiq etməyə başladığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-nin məqsədi İranın xarici iqtisadi və maliyyə əlaqələrini maksimum dərəcədə məhdudlaşdıraraq Tehranı iqtisadi təcrid vəziyyətinə salmaqdır.
TurkicWorld xəbər verir ki, Bessent mətbuat konfransında ABŞ-nin yeni sanksiya siyasətinin İranın dünya üzrə bütün əsas iqtisadi əlaqələrini hədəfə alacağını bildirib.
“Bütün dünyada məqsədimiz Tehran tək qalana qədər bu rejimi ayaqda saxlayan bütün iqtisadi həyat xətlərini kəsməkdir”, – ABŞ maliyyə naziri deyib.
Bessent bildirib ki, ABŞ rəsmilərinin müəyyən etdiyi İranla əlaqəli maliyyə fəaliyyətlərini dayandırmaq üçün digər ölkələrə məhdud müddət veriləcək.
Onun sözlərinə görə, tədbirlər İran banklarının xarici ölkələrdə fəaliyyət göstərən şöbələrinin bağlanmasını da əhatə edəcək. Lakin Bessent ölkələrə veriləcək müddətin konkret nə qədər olacağını açıqlamayıb.
ABŞ maliyyə naziri İranla iqtisadi əməkdaşlığı davam etdirən ölkələrə, şirkətlərə və digər tərəflərə də sərt xəbərdarlıq edib.
Bessent bildirib ki, İranla “istənilən formada iqtisadi əməkdaşlıq” buna görə məsuliyyət daşıyan tərəfləri “Amerika gücünün bütün imkanları” ilə üz-üzə qoya bilər.
ABŞ maliyyə naziri bu açıqlamaları Vaşinqtonun İrana qarşı yeni iqtisadi təzyiq kampaniyasını təqdim etdiyi mətbuat konfransında verib. Bessent yeni sanksiyaları miqyasına görə “misilsiz” adlandırıb.
Açıqlamalar Vaşinqtonun təzyiq strategiyasının yalnız İran daxilindəki qurumlarla məhdudlaşmayacağını, Tehranla iqtisadi və maliyyə münasibətlərini davam etdirən xarici tərəfləri də əhatə edəcəyini göstərir.







