BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran “Cənubi Pars” qaz yatağının 14-cü mərhələsinə aid neftayırma zavodunda istehsal gücünün bərpası işlərinin 70 faizinin tamamlandığını açıqlayıb. Zavod ötən ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı zərər görmüşdü.
TurkicWorld xəbər verir ki, İranın dövlətə məxsus “Pars Oil and Gas Company” şirkətinin baş direktoru Turac Dehqani bərpa işlərinin İran təqvimi üzrə cari ilin sonunadək tam başa çatdırılmasının planlaşdırıldığını bildirib.
İran Neft Nazirliyinin ŞANA xəbər agentliyinin məlumatına görə, 14-cü mərhələnin neftayırma zavodunda yenidənqurma işlərinə obyektə zərbə endirildikdən dərhal sonra başlanılıb.
Dehqani bildirib ki, “Cənubi Pars” kompleksinin zərər görmüş digər obyektlərində də bərpa işləri davam etdirilir. Xüsusilə üçüncü və beşinci neftayırma zavodlarında genişmiqyaslı yenidənqurma həyata keçirilir.
Onun sözlərinə görə, müharibə zamanı ümumilikdə dörd müəssisə zərər görüb. Bunların arasında ən ciddi dağıntıların üçüncü və beşinci neftayırma zavodlarında qeydə alındığı bildirilir.
İlkin hesablamalara əsasən, zədələnmiş obyektlərin tam bərpasının ən azı üç il çəkəcəyi gözlənilirdi. Lakin İran rəsmiləri indi bütün yenidənqurma işlərini iki il ərzində başa çatdırmağı qarşıya məqsəd qoyublar.
“Cənubi Pars” İranın enerji sektoru üçün strateji əhəmiyyət daşıyan əsas qaz yataqlarından biridir. Buna görə də zərər görmüş istehsal müəssisələrinin mümkün qədər qısa müddətdə fəaliyyətinin bərpası Tehran üçün enerji hasilatının davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.






