BAKI,TurkicWorld
İraq Prezidenti Nizar Amidi ölkədə silahların yalnız dövlətin nəzarətində olması prosesi çərçivəsində 2-3 silahlı qrupun hələ silahlarını təhvil vermədiyini, danışıqların isə davam etdiyini bildirib.
Amidinin sözlərinə görə, İraq Konstitusiyası silahların dövlətin əlində cəmləşdirilməsini tələb edir. O, Haşdi Şabi qüvvələrini və digər silahlı qrupları silahlarını təhvil verməyə, təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmağa və siyasi prosesdə iştirak etməyə çağırıb.
Prezident ölkə daxilindən həyata keçirilən hücumların qəbuledilməz olduğunu da bildirib. Onun sözlərinə görə, İraq regional müharibəyə cəlb olunmamalıdır və ölkənin sabitliyi bütün regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
İraq hökumətinin sözçüsü Heydər əl-Abudi isə silahlı qruplarla danışıqların irəlilədiyini və əsas fikir ayrılığının vaxtla deyil, silahların təhvil verilməsi və mövqelərin dövlətə qaytarılması mexanizmləri ilə bağlı olduğunu açıqlayıb.
Hökumətin məlumatına görə, 6 silahlı qrupdan 3-ü silah və mövqelərin təhvil verilməsi prosesinə faktiki olaraq qoşulub, digər 3 qrup isə mexanizmlərlə bağlı etirazlarını qoruyur. Bağdad hökuməti bu fikir ayrılıqlarının danışıqlar yolu ilə aradan qaldırılacağına ümid edir.
İraqın silahlı qrupları arasında ən böyük və ən yaxşı silahlanmış dəstələrdən biri hesab olunan İraq Hizbullah Briqadaları isə “müqavimət silahı” adlandırdığı arsenalı hökumətə təhvil verməkdən imtina edib.
Bununla yanaşı, Müqtəda əs-Sədrə bağlı “Sülh Briqadaları”, “Haqq Əhli Dəstələri” və “İmam Əli Briqadaları” kimi bəzi qrupların silahlarını təhvil verməyə razı olduğu bildirilir.
İraq hökuməti silahların dövlət nəzarətinə keçirilməsini daxili sabitliyin və dövlət hakimiyyətinin gücləndirilməsinin əsas şərtlərindən biri hesab edir.




