Son dəqiqə

İsrail İran ABŞ Tehran Donald Tramp Vaşinqton Abbas Əraqçi ABŞ-İran münasibətləri

ABŞ indi bizim şərtlərimizlə danışıqlar aparmaq üçün israr edir - Abbas Əraqçi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin müharibədə əsas məqsədi İranı təslim olmağa məcbur etmək idi, lakin Vaşinqton buna nail ola bilməyib. Əraqçinin sözlərinə görə, İran təslim olmayacaq və hazırda danışıqların şərtlərini müəyyən edən tərəf Tehrandır.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçi ABŞ-nin indi İranın irəli sürdüyü şərtlər əsasında danışıqlar aparmağa çalışdığını bildirib. İranın xarici işlər naziri bunu ölkəsinin müharibə zamanı göstərdiyi hərbi müqavimətin nəticəsi kimi qiymətləndirib.

Əraqçi ABŞ ilə imzalanmış anlaşma memorandumunda yer alan müddəalara da toxunub. Onun iddiasına görə, sənəddəki 14 müddəadan 13-ü İranın, yalnız biri ABŞ-nin xeyrinədir. İranın xarici işlər naziri İsraili həmin razılaşmanın həyata keçirilməsinə mane olmağa çalışmaqda ittiham edib.

Nazir bildirib ki, Tehran həm hərbi qarşıdurmada, həm də diplomatik müstəvidə qalib gəldiyini düşünür. Əraqçinin sözlərinə görə, İran qarşı tərəfi öz şərtlərini qəbul etməyə məcbur edib.

Əraqçi İranın danışıqlardakı mövqeyinin ölkənin hərbi və döyüş imkanları ilə birbaşa bağlı olduğunu vurğulayıb. Onun fikrincə, İranın döyüş meydanındakı imkanları diplomatik danışıqlarda Tehranın mövqeyini gücləndirib.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla hazırda heç bir danışığın aparılmadığını və danışıqlar üçün görüşün nəzərdə tutulmadığını bildirib. Bu açıqlama Tehran və Vaşinqtonun danışıqların hazırkı vəziyyəti ilə bağlı fərqli mövqelər nümayiş etdirdiyini göstərir.

Mövzuya görə xəbərlər