BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu İsrail məskunlarının mühasirəsində olan İordan çayının qərb sahilindəki Qusra kəndinin sakinlərinə su, ərzaq, dərman, gigiyena vasitələri və uşaqlar üçün əyləncə dəstləri çatdırıb.
TurkicWorld xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, BMT-nin Uşaq Fondunun əməkdaşlarından ibarət qrup kənd sakinlərinə gündəlik ehtiyacların qarşılanması üçün zəruri ləvazimatlar təqdim edib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib ki, Qusra kəndində üç fələstinli ailə hələ də İsrail hərbçilərinin və məskunların güclü nəzarəti altında mühasirədə qalır.
Məlumata görə, bu ailələrin evlərinin yaxınlığında İsrail məskunlarının yaşayış məntəqələri yaradılıb və kəndə giriş məhdudlaşdırılıb.
Məskunlar evlərə gedən su və elektrik xətlərini kəsiblər. Daha sonra bələdiyyə işçiləri tərəfindən su və elektrik təchizatı bərpa olunub.
BMT-nin məlumatına görə, bələdiyyə işçiləri həmin işləri həyata keçirərkən İsrail məskunlarının hücumuna məruz qalıb, bəzi işçilər isə İsrail hərbçiləri tərəfindən saxlanılıb.
Bu arada, Qusra kəndində ailəsinə məxsus evlərdən biri məskunların əhatəsində olan ABŞ vətəndaşı Luey Ridi öz evinə qayıtmaq üçün İsrailə gəlib.






