BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ və İran arasında danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədilə Avstriya və Yunanıstanın da diplomatik təmaslara cəlb edildiyi bildirilir.
“The Washington Post”un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu həftə Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger və Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb və telefon danışığı aparıb. Bundan sonra hər iki nazir İranın xarici işlər naziri Abbas Arakçi ilə telefonla əlaqə saxlayıb.
ABŞ Dövlət Departamenti Vaşinqtonun bu telefon danışıqlarının təşəbbüskarı olmadığını açıqlasa da, İran məsələsinin Rubionun avstriyalı və yunan həmkarları ilə müzakirələrində gündəmdə olduğunu təsdiqləyib.
Avstriyanın prosesə cəlb edilməsində Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin yerləşməsi və 2015-ci il İran nüvə sazişi üzrə danışıqların burada keçirilməsi mühüm amil hesab olunur. Yunanıstan isə böyük dənizçilik sektoruna malik ölkə kimi Hörmüz boğazında naviqasiya və dəniz təhlükəsizliyinin təmin edilməsində maraqlıdır.
Diplomatik təmaslar ABŞ-İran arasında iyun ayında imzalanmış anlaşma memorandumunun müddətinin avqustun 17-də başa çatmasına az müddət qalmış intensivləşib. Hörmüz boğazının bağlanmasının yaratdığı iqtisadi fəsadların artması isə Vaşinqtonu Tehranla razılaşma əldə etməyə sövq edən əsas amillərdən biri kimi qiymətləndirilir







