BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ İranla davam edən qarşıdurmada yaranmış çıxılmaz vəziyyət fonunda bölgədəki imkanlarını genişləndirir və gələcək addımları üçün hazırlıq görür. Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun mütəxəssisi Maykl Stivens bölgədə ABŞ hərbi qüvvələrinin sayının artırıldığına diqqət çəkib.
TurkicWorld xəbər verir ki, Maykl Stivens bir gün əvvəl danışdığı bir neçə şəxsin yaxınlarının ABŞ Hərbi Hava Qüvvələrindən bölgəyə göndərilmək üçün xidmətə çağırıldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirdiyini göstərir.
Stivens bildirib ki, bölgədə hərbi qulluqçuların sayının artırılması müəyyən hazırlıq işlərinin aparıldığına işarə edir. Bununla belə, o, bu qüvvə artımının konkret məqsədinin hələlik aydın olmadığını vurğulayıb.
Mütəxəssisin fikrincə, ABŞ hazırkı şəraitdə İrana quru qoşunları yeritməklə uğurlu nəticə əldə etmək imkanına malik deyil. O hesab edir ki, belə bir addım Vaşinqtona qələbə təmin etməyəcək.
Stivens mövcud çıxılmaz vəziyyətin həm ABŞ, həm də İran üçün çətin olduğunu qeyd edib. Onun qiymətləndirməsinə görə, qarşıdurmanın hazırkı mərhələsində tərəflərdən heç biri üstünlük əldə etməyib.






