Son dəqiqə

Fələstin İsrail ABŞ İordan çayının qərb sahili Mayk Hakabi Fələstinlilər Nablus Qusra

ABŞ-ın İsraildəki səfirindən məskunlara qarşı sərt açıqlama

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhəri yaxınlığında məskunların fələstinlilərə qarşı tətbiq etdiyi mühasirəni “dəhşətli terror aktı” adlandırıb.

TurkicWorld xəbər verir ki, Nablusun Qusra kəndində məskunlar bazar günündən etibarən fələstinlilərə məxsus evlərin, o cümlədən ABŞ vətəndaşına aid bir evin qarşısını bağlayıblar.

Yerli sakinlərin sözlərinə görə, mühasirə səbəbindən ailələr ərzaq və digər zəruri ehtiyaclarını təmin etmək imkanından məhrum olublar.

Mayk Hakabi X sosial şəbəkəsində ABŞ-ın reaksiyasını tənqid edən paylaşıma cavab olaraq bildirib ki, ailənin evinə qarşı bu hərəkətləri həyata keçirən şəxslərin əməlləri cinayət xarakteri daşıyır.

Səfir bu hadisəni ailəni qorxutmaq və təzyiq altında saxlamaq məqsədi daşıyan “dəhşətli terror aktı” adlandırıb və belə davranış üçün heç bir bəhanənin olmadığını vurğulayıb.

Hakabi bildirib ki, İsrail ABŞ-ın müraciətindən sonra məsələyə müdaxilə edib.

ABŞ səfirinin bu açıqlaması xüsusilə diqqət çəkir. Evangelist xristian keşişi olan Hakabi əvvəllər işğal altındakı İordan çayının qərb sahilində İsrail məskunlaşmasını dəstəkləyib və Fələstin dövlətinin yaradılması ideyasını rədd edib.

Mövzuya görə xəbərlər