BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər İsrailin Qəzza üzrə sülh planını rədd etməsini tənqid edib və bunun atəşkəs razılaşmasının növbəti mərhələsinə keçidi gecikdirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İsrailin Qəzza ilə bağlı planı qəbul etməməklə "prosesi uzatma siyasətini" davam etdirdiyini deyib.
Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əl-Ənsari beynəlxalq ictimaiyyətin razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsi üçün təzyiq göstərməsinə ümid etdiklərini bildirib.
Qətər rəsmisi HƏMAS-ın həftəsonu planı həyata keçirməyə hazır olduğunu açıqlamasını müsbət qiymətləndirib.
O qeyd edib ki, HƏMAS-ın tərksilah məsələsini də əhatə edən plana razılıq verməsi razılaşmada irəliləyiş əldə olunmasına kömək edib.
Əl-Ənsari bildirib ki, hazırda məsuliyyət İsrail tərəfinin üzərinə düşür və rəsmi Təl-Əviv üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Qətər rəsmisi ölkəsinin beynəlxalq tərəfdaşları ilə birlikdə ABŞ Prezidenti Donald Trampın açıqladığı plan əsasında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid üçün səylərini davam etdirəcəyini vurğulayıb.







