BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti dəstəklədiyini bildirərək İrana qarşı aparılan hərbi əməliyyatların uğurla davam etdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.
ABŞ prezidenti paylaşımında müdafiə naziri Pit Heqsetin fəaliyyətindən "son dərəcə məmnun" olduğunu bildirib.
Tramp əvvəlcə Venesuelanın sabiq prezidenti Nikolás Maduronun saxlanılmasına toxunaraq bunu uğurlu əməliyyat kimi qiymətləndirib.
Daha sonra isə İrana qarşı aparılan hərbi əməliyyatlara münasibət bildirən Tramp, "Hər şey fövqəladə olub" ifadəsini işlədib.
O bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədilə həyata keçirilən əməliyyatlar uğurla davam edir.
"İranın nüvə silahına heç vaxt sahib olmamasını təmin etmək məqsədilə ölkə ciddi şəkildə zəiflədilib və hər şey çox yaxşı gedir", – deyə Tramp paylaşımında qeyd edib.
İran tərəfi isə Trampın son açıqlamalarına münasibət bildirməyib.







