BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Səudiyyə Ərəbistanına rəsmi səfərə yollanır. Səfər çərçivəsində Pakistan–Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
TurkicWorld xəbər verir ki, Şərif səfər zamanı Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman Əl Səudla görüşəcək.
İki gün davam edəcək rəsmi səfərdə Pakistanı baş nazirin müavini və xarici işlər naziri, quru qoşunlarının komandanı, müdafiə qüvvələrinin rəhbəri, eləcə də digər hökumət üzvlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Pakistan hökuməti səfərin əsas məqsədlərindən birinin ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələləri üzrə mövqelərin əlaqələndirilməsi olduğunu bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrəbi həftəlik brifinqdə ölkəsinin Yaxın Şərqdəki böhran və Hörmüz boğazındakı vəziyyətlə bağlı diplomatik fəaliyyətini davam etdirdiyini deyib.
Onun sözlərinə görə, Pakistan regiondakı digər dövlətlərlə sıx təmaslarını davam etdirir və Hörmüz boğazı ilə bağlı hərtərəfli və dayanıqlı həll yolunun tapılması istiqamətində diplomatik səylər göstərir.
Pakistan rəsmisi vurğulayıb ki, İslamabad gərginliyin azaldılması və regional sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməkdə davam edəcək.







