BAKI,TurkicWorld,Yusif Şərifzadə
Alphabet şirkəti süni intellekt bölməsində rəhbərlik dəyişiklikləri həyata keçirib. Dəyişikliklər çərçivəsində Google DeepMind-ın rəhbəri Demis Hassabis yeni vəzifəyə təyin olunub, Gemini modeli üzərində çalışan bir neçə yüksək səviyyəli rəhbər isə şirkətdən ayrılıb.
TurkicWorld xəbər verir ki, Nobel mükafatı laureatı Demis Hassabis artıq Google DeepMind-ın baş icraçı direktoru vəzifəsini tərk edərək Alphabet-in ilk baş alimi (Chief Scientist) təyin olunub. O, bundan sonra DeepMind-ın sədri kimi fəaliyyət göstərəcək.
Hassabis əməkdaşlara ünvanladığı məktubda bildirib ki, bu qərar süni ümumi intellektin (AGI) yaradılmasına daha çox diqqət ayırmaq məqsədi daşıyır.
Alphabet-in baş icraçı direktoru Sundar Piçai isə şirkət əməkdaşlarına göndərdiyi məktubda qeyd edib ki, uzun müddətdir Hassabislə onun bütün diqqətini AGI-nin gələcəyinin formalaşdırılmasına yönəldə biləcəyi yeni vəzifə barədə müzakirələr aparırdı.
Piçai vurğulayıb ki, bu istiqamətdə görülən işlər həm Alphabet, həm də bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır və bu missiya üçün Hassabisdən daha uyğun namizəd təsəvvür etmədiyini bildirib.
Rəhbərlikdəki dəyişikliklər Google üçün həssas bir dövrdə baş verir. Şirkətin yeni nəsil Gemini modelinin əsas versiyası planlaşdırılan iyun buraxılış tarixində təqdim edilməyib. Bu gecikmə investorlar və texnologiya sektorunda Google-un OpenAI və Anthropic kimi rəqiblərindən geri qala biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bundan əlavə, Gemini layihəsində çalışan tanınmış mühəndis Ceff Din (Jeff Dean) də daxil olmaqla bir neçə rəhbər şəxsin şirkətdən ayrıldığı bildirilib.







