BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ federal apellyasiya məhkəməsi Meta, Google, TikTok və digər sosial şəbəkə şirkətlərinə qarşı istifadəçilərin asılılığı ilə bağlı minlərlə məhkəmə iddiasının davam etdirilməsinə qərar verib.
TurkicWorld xəbər verir ki, San-Fransiskoda yerləşən ABŞ 9-cu Dairə Apellyasiya Məhkəməsi şirkətlərin aşağı instansiya məhkəməsinin qərarını ləğv etmək tələbini rədd edib.
Məhkəmənin qərarı nəticəsində şirkətlər gənc istifadəçilərin sosial şəbəkələrdən asılı hala gətirildiyi iddiaları üzrə təxminən 2400 federal məhkəmə işi ilə üzləşməyə davam edəcək.
İddialarda Meta şirkətinin "Facebook" və "Instagram", "Google" şirkətinin "YouTube", "ByteDance" şirkətinin "TikTok", həmçinin "Snap" şirkətinin "Snapchat" platformalarının gənc istifadəçilərə zərər verəcək şəkildə hazırlandığı bildirilir.
Şirkətlər isə ABŞ qanunvericiliyindəki istifadəçi məzmununa görə platformaları müəyyən hüquqi məsuliyyətdən qoruyan müddəanın onların platforma dizaynı ilə bağlı iddialardan da müdafiə etdiyini iddia ediblər.
Lakin məhkəmə bildirib ki, şirkətlərin müraciəti bu mərhələdə vaxtından əvvəl təqdim olunub və məsələyə yekun qiymət vermək üçün məhkəmə prosesinin sonrakı mərhələlərini gözləmək lazımdır.
İddialar ABŞ-də müxtəlif ştatlar, bələdiyyələr, məktəb rayonları və ayrı-ayrı şəxslər tərəfindən qaldırılıb. Onlar sosial şəbəkələrin gənclərdə depressiya, narahatlıq və bədən görünüşü ilə bağlı problemlərin artmasına səbəb olduğunu iddia edirlər.
Şirkətlərə qarşı Kaliforniya ştat məhkəmələrində də minlərlə oxşar iddianın davam etdiyi bildirilib.







