BAKI,TurkicWorld,Yusif Şərifzadə
Amazon şirkətinə məxsus Zoox gələn həftədən etibarən ABŞ-ın Las-Veqas şəhərində ödənişli robotaksi xidmətini istifadəyə verəcək.
TurkicWorld xəbər verir ki, bu qərar ABŞ-nin yol təhlükəsizliyi qurumunun insan idarəetmə elementləri olmayan Zoox robotaksilərinin kommersiya məqsədilə istifadəsinə icazə verməsindən bir neçə gün sonra açıqlanıb.
Zoox-un elektriklə işləyən, vaqon tipli robotaksiləri indiyədək Las-Veqas, San-Fransisko, Ostin və Mayami şəhərlərində sınaq proqramı çərçivəsində sərnişinləri ödənişsiz daşıyıb.
Şirkət bildirib ki, Las-Veqasda ödənişli xidmət bazar ertəsindən başlayacaq və tariflər digər taksi platformalarının "komfort" kateqoriyasına uyğun müəyyən ediləcək. Bu kateqoriyada qiymətlər adətən standart taksi xidmətlərindən 20–40 faiz yüksək olur.
Zoox digər şəhərlərdə ödənişli xidmətə nə vaxt başlayacağını hələ açıqlamayıb.
Şirkət insan tərəfindən idarəetmə elementləri tələb edən federal təhlükəsizlik qaydalarından istisna alan ilk avtonom taksi operatoru olub. Bununla belə, ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) icazəsi növbəti iki il ərzində hər il maksimum 2 500 avtomobili əhatə edir.
NHTSA Zoox-un nəqliyyat vasitələrinin təhlükəsizlik standartlarına cavab verdiyini bildirsə də, qəzalar və yollarda gözlənilməz dayanma halları ilə bağlı şirkət üçün əlavə hesabat öhdəlikləri müəyyən edib.
Zoox qeyd edib ki, gediş haqqı başlanğıc tarifinə, məsafəyə və vaxta əsasən hesablanacaq. Hava limanına səfər kimi əlavə ödənişlər əvvəlcədən sərnişinlərə açıqlanacaq və robotaksi planlaşdırılandan daha uzun marşrut seçərsə, əlavə ödəniş tələb olunmayacaq.
Qeyd edək ki, robotaksi xidmətləri təhlükəsizlik məsələlərinə görə hələ də tənzimləyici qurumların ciddi nəzarəti altındadır. Zoox son iki ildə bir neçə dəfə proqram təminatını yeniləmək məqsədilə geri çağırma həyata keçirib. Sonuncu belə hal iyul ayında robotaksilərdən birinin fövqəladə hadisə yerində sıx tüstünü düzgün aşkar edə bilməməsindən sonra qeydə alınıb.







