BAKI,TurkicWorld,Yusif Şərifzadə
Romada Livan və İsrail nümayəndə heyətləri arasında keçirilən son danışıqların İsrail ordusunun Livanın cənubundakı işğal etdiyi ərazilərdən əlavə geri çəkilməsi ilə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir.
TurkicWorld xəbər verir ki, analitiklərin fikrincə, İsrail rəsmiləri danışıqlar başlamazdan əvvəl də bəyan ediblər ki, Hizbullah silahsızlaşdırılmayana qədər işğal olunan əraziləri tərk etməyəcəklər.
Bildirilib ki, İsrail təkcə Hizbullahın silahsızlaşdırılmasını deyil, həm də bu prosesə nəzarət edəcək etibarlı yoxlama mexanizminin yaradılmasını tələb edir.
İyunun 26-da imzalanmış çərçivə sazişinə əsasən, İsrail ordusu əvvəlcə müəyyən edilmiş "pilot zona" adlandırılan ərazidən çıxmalıdır. Daha sonra həmin ərazilərə Livan ordusu yerləşdirilməli, Hizbullahın geri qayıtmaması və hərbi infrastrukturunun ləğv olunması təmin edilməlidir.
Məlumata görə, tərəflər hələ də bu mexanizmə nəzarət edəcək üçüncü tərəf barədə razılığa gələ bilməyiblər. Bəzi məlumatlarda bu rolu İtaliyanın üzərinə götürə biləcəyi qeyd olunur.
Livan isə İsrailin ölkənin cənubunda nəzarət etdiyi 60-dan çox kənd və qəsəbədən geri çəkilməsinə nail olmağa çalışır.
Analitiklər hesab edirlər ki, Livanın bu məsələdə təsir imkanları məhduddur və qüvvələr nisbəti İsrailin xeyrinədir.
Qeyd olunur ki, Livan əsasən ABŞ-nin dəstəyinə ümid edir. Lakin ABŞ-nin Livandakı səfiri Mişel İssa danışıqlardan bir gün əvvəl prosesin tələsdirilməsinin mümkün olmadığını və yoxlama mexanizmi yaradılmadan növbəti geri çəkilmələrin baş verməyəcəyini bildirib.







