BAKI,TurkicWorld,Yusif Şərifzadə
Cəmi yeddi ay əvvəl fəaliyyətə başlayan süni intellekt infrastrukturu şirkəti Volta Infra 2,4 milyard dollar dəyərində qiymətləndirildiyini açıqlayıb. Şirkət eyni zamanda Avropada bulud hesablama xidmətləri göstərmək üçün 10 milyard dollarlıq tərəfdaşlıq razılaşması əldə etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Volta bu layihəni Bitdeer Technologies ilə birlikdə həyata keçirəcək. Şirkət müqavilə bağladığı süni intellekt şirkətinin adını açıqlamayıb.
Bununla yanaşı, Volta aktivlərin idarə edilməsi şirkəti Azora ilə birlikdə süni intellekt "fabrikləri"nin maliyyələşdirilməsi məqsədilə 5 milyard dollarlıq infrastruktur proqramına start verib.
Bloomberg agentliyi isə məlumatlı mənbələrə istinadən yazıb ki, Nvidia tərəfindən dəstəklənən Voltanın 10 milyard dollarlıq müqaviləsi Anthropic ilə imzalanıb. Reuters bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.
Məlumata görə, altı illik razılaşma Norveçdə Bitdeer şirkətinin idarə etdiyi, 133 meqavat gücündə məlumat mərkəzində Nvidia Vera Rubin çipləri ilə təmin edilən hesablama resurslarını əhatə edir.
Anthropic məsələ ilə bağlı şərh verməkdən imtina edib, Volta isə Reuters-in sorğusuna hələ cavab verməyib.
Şirkət bildirib ki, Norveçdəki layihə Şimali Amerika və Avropada ümumi gücü 1 giqavatdan çox olan yaxınmüddətli layihələr portfelinin ilk mərhələsidir.
Bloomberg-in məlumatına görə, Volta ilkin və A seriyası investisiya mərhələlərində 300 milyon dollar vəsait cəlb edib. İnvestisiya raundlarına Azora, Andreessen Horowitz, Altimeter və Nvidia rəhbərlik edib.






