BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın sabiq baş naziri Məhəmməd Şiya əs-Sudani ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin mövqelərinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib və bunu ölkənin suverenliyinə qarşı açıq pozuntu kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Şiya əs-Sudani "Facebook" hesabında yaydığı bəyanatda ABŞ və Səudiyyə Ərəbistanının hücumlarını qətiyyətlə pislədiyini bildirib. Onun sözlərinə görə, bu əməliyyat İraqın suverenliyinin açıq şəkildə pozulması, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, eyni zamanda islam qardaşlığı prinsipinə zidd addımdır.
Əs-Sudani qeyd edib ki, hücumun vaxtı ciddi suallar doğurur. O xatırladıb ki, İraq hökuməti bundan əvvəl İraq ərazisindən Səudiyyə Ərəbistanının neft obyektlərinə pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı iddiaları araşdırmaq üçün xüsusi komitələr yaratmışdı.
Sabiq baş nazir bildirib ki, həmin addım İraq dövlətinin problemləri hərbi eskalasiya yolu ilə deyil, hüquqi və institusional mexanizmlər vasitəsilə həll etmək niyyətini nümayiş etdirirdi.
Əs-Sudani vurğulayıb ki, İraq beynəlxalq hüquqla tanınan bütün qanuni hüquqlarını özündə saxlayır və ölkənin təhlükəsizliyi, sabitliyi və suverenliyinə yönələn hər hansı müdaxilə qəbuledilməzdir.
ABŞ və Səudiyyə Ərəbistanı sabiq baş nazirin açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.







