BAKI, TurkicWorld
ABŞ-nin Miçiqan ştatında fərdi evlərin birində baş vermiş yanğından sonra səkkiz nəfərin meyiti aşkarlanıb.
Bu barədə "ABC News" telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə Qrand-Heyven şəhərində baş verib. Jurnalistlərin məlumatına görə, fövqəladə xidmət əməkdaşları bir gün əvvəl səhər saatlarında yanıq qoxusu ilə bağlı daxil olan məlumat əsasında evlərdən birinə gəliblər.
Yanğınsöndürənlər alov mənbəyini aşkar etmədikləri üçün ərazini tərk ediblər. Lakin bir neçə saat sonra binadan ağ tüstünün qalxdığı barədə yeni çağırış daxil olduqdan sonra yenidən hadisə yerinə qayıdıblar.
"Bildirmək istəyirəm ki, iki böyük və altı uşaq həyatını itirib", – deyə polis kapitanı Ceyk Sparks bildirib.
Onun sözlərinə görə, həlak olanlardan bəzilərinin bədənində güllə yaraları aşkarlanıb. İlkin ehtimala əsasən, ölənlərin hamısı eyni ailənin üzvləridir. Mütəxəssislər hələlik onların şəxsiyyətini və ölümün dəqiq səbəbini müəyyən edə bilməyiblər.







