BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul edib. Lakin Senat eyni məzmunlu təşəbbüsü dəstəkləməyib.
TurkicWorld xəbər verir ki, Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında keçirilən səsvermədə qətnamə 214 lehinə, 208 əleyhinə səslə qəbul olunub. Sənədin lehinə dörd respublikaçı konqresmen də demokratlara qoşularaq səs verib.
Qətnamə Vaşinqton ştatından demokrat konqresmen Pramila Cayapal tərəfindən təqdim olunub. Sənəddə Konqresin ayrıca razılığı olmadan ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakının dayandırılması tələb edilir.
Bununla belə, sənəd hüquqi baxımdan məcburi qüvvəyə malik deyil və əsasən siyasi mövqe ifadə edən simvolik qərar hesab olunur. Oxşar qətnamələr son aylarda da qəbul edilsə də, onlar ABŞ-ın hərbi siyasətində praktik dəyişiklik yaratmayıb.
Nümayəndələr Palatasında qətnamənin lehinə səs verən respublikaçılar Miçiqandan Tom Barret, Pensilvaniyadan Brayan Fitspatrik, Ohayodan Uorren Devidson və Kentukkidən Tomas Messi olub.
Bundan bir neçə saat sonra Senat oxşar məzmunlu qətnaməni 49 lehinə, 47 əleyhinə səslə prosedur baxımından irəli aparmamaq qərarı verib və beləliklə, təşəbbüs qəbul edilməyib.







