BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın Baş naziri Əli əl-Zaidi Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşərək ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
TurkicWorld xəbər verir ki, görüş zamanı Əli əl-Zaidi səfərinin iki ölkə arasında mövcud dostluq münasibətlərinin dərinliyini əks etdirdiyini bildirib və onu "iki xalq arasında dostluq körpüsü" kimi qiymətləndirib.
İraqın Baş naziri vurğulayıb ki, İraq və İranın təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. O, İraq ərazisinin İrana qarşı hər hansı təhdid üçün istifadə edilməsinə imkan verilməyəcəyini bəyan edib.
Əli əl-Zaidi, həmçinin İŞİD-ə qarşı mübarizə dövründə İranın İraqa göstərdiyi dəstəyi xatırladaraq, iki ölkə arasında birgə investisiya layihələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian isə İraqın Ayətullah Əli Xameneinin dəfn mərasimi ilə bağlı nümayiş etdirdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.
Pezeşkian iki ölkə arasında tarixi, dini və mədəni ortaq dəyərlərin mövcud olduğunu vurğulayaraq, sabitliyin həm İranın, həm də İraqın inkişafına xidmət etdiyini bildirib. O, iqtisadi əməkdaşlığın və birgə investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu da qeyd edib.







