BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Səhiyyə Nazirliyi ABŞ-nin ölkəyə endirdiyi zərbələr nəticəsində iyunun 27-dən indiyədək azı 53 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, həlak olanlar arasında üç uşaq da var. Bildirilir ki, eyni dövrdə ABŞ hücumları nəticəsində 590-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
İran tərəfi itkilərin ABŞ-nin hərbi əməliyyatlarının intensivləşdiyi və İslamabad memorandumunun qüvvədən düşdüyü dövrdə baş verdiyini qeyd edib.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, fevral ayının sonlarında müharibə başlayandan bəri azı 18 ABŞ hərbçisi həlak olub, yüzlərlə hərbçi isə yaralanıb.
Münaqişənin davam etməsi nəticəsində hər iki tərəfdə insan itkilərinin artdığı bildirilir. Bunun fonunda beynəlxalq ictimaiyyət gərginliyin azaldılması və diplomatik həll yollarının tapılması ilə bağlı çağırışlarını davam etdirir.
Hazırda tərəflər arasında hərbi qarşıdurma ilə yanaşı, müxtəlif ölkələrin vasitəçiliyi ilə diplomatik təmasların bərpasına yönəlmiş təşəbbüslər də müzakirə olunur.







