BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın Baş naziri Əli Faleh əz-Zeydi iyulun 23-də nazirlərdən ibarət nümayəndə heyətinə rəhbərlik edərək İrana rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, İraq hökumətinin sözçüsü Heydər əl-Abudi səfərin rəsmi dəvət əsasında baş tutacağını və danışıqlarda qaz əməkdaşlığı ilə yanaşı, bölgədəki son hadisələrin də müzakirə olunacağını bildirib.
Əl-Abudinin sözlərinə görə, silahların yalnız dövlətin nəzarətində olması məsələsi Bağdadda müzakirə edilib və bu, İraqın daxili işi olduğu üçün ölkə xaricində aparılan danışıqların mövzusu olmayacaq.
İraq və İran nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə qaz sahəsində əməkdaşlıq əsas mövzulardan biri olacaq. Hökumət sözçüsü bu məsələnin İraqın milli maraqları nəzərə alınmaqla müzakirə ediləcəyini vurğulayıb.
Bağdad rəhbərliyinin bölgədəki mövcud gərginliyin diplomatik yollarla aradan qaldırılmasına əsaslanan təşəbbüs irəli sürdüyü də bildirilib. İraqın hər hansı qarşıdurma tərəfinə qoşulmadığı və xarici siyasətini iqtisadi maraqlar əsasında genişləndirməyə çalışdığı qeyd olunub.
Əl-Abudi əlavə edib ki, İraq ABŞ ilə, o cümlədən neftin ixracı üçün alternativ yolların yaradılmasına dair anlaşmalar imzalayıb. Bağdad Hörmüz boğazındakı gərginliyin neft ixracına təsirini azaltmaq məqsədilə ABŞ şirkətləri ilə birlikdə alternativ ixrac istiqamətləri üzərində işləyir.
Hökumət sözçüsünün sözlərinə görə, İraq yenidən güclənib, heç bir qarşıdurma qütbünün tərkib hissəsi deyil, digər dövlətlərin daxili işlərinə müdaxiləni rədd edir və xarici əlaqələrini iqtisadi mənafeləri əsasında genişləndirir.







