Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi Yaxın Şərq diplomatik münasibətlər Kazım Qəribabadi hərbi qarşıdurma İslamabad Anlaşma Memorandumu

ABŞ hücumları davam etdiyi üçün memorandum icra olunmayacaq - Kazım Qəribabadi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ABŞ hücumlarının davam etməsi səbəbindən Tehran İslamabad Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasını dayandırıb.

TurkicWorld xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin məlumatına əsasən, Qəribabadi ABŞ-ın memorandum çərçivəsindəki bütün öhdəliklərini pozduğunu və faktiki olaraq dayandırdığını iddia edib.

“ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsindəki bütün öhdəliklərini pozub və dayandırıb”, – İran rəsmisi bildirib.

Onun sözlərinə görə, Tehran da buna cavab olaraq saziş üzrə öhdəliklərinin yerinə yetirilməsini və sənədin icrasını dayandırıb. Qəribabadi hazırda İranın əsas diqqətinin ölkənin müdafiəsinə yönəldiyini vurğulayıb.

İran rəsmisi memorandumun hansı müddətə dayandırıldığını və onun yenidən qüvvəyə minməsi üçün hansı şərtlərin tələb olunduğunu açıqlamayıb.

Açıqlama ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi və iki ölkə arasında diplomatik münasibətlərin daha da gərginləşdiyi bir dövrdə verilib.

ABŞ tərəfi Qəribabadinin səsləndirdiyi ittihamlara və memorandumun dayandırılması ilə bağlı qərara hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər