BAKI, TurkicWorld Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın regionun təhlükəsizliyi və sabitliyini pozan fəaliyyətlərini kəskin şəkildə pisləyən bəyanat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Tehran beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsini və mehriban qonşuluq qaydalarını pozmaqda davam edir.
Rəsmi Ər-Riyad İranı ticarət gəmilərinə təkrar hücumlar həyata keçirməkdə ittiham edərək, bu addımların beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və naviqasiya azadlığı üçün ciddi təhdid yaratdığını vurğulayıb.
Bəyanatda həmçinin İranın Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İordaniyaya qarşı davam edən hərəkətləri qətiyyətlə pislənib.
Səudiyyə Ərəbistanı qardaş ölkələrin suverenliyinin pozulmasını tamamilə rədd etdiyini bəyan edərək, İranın regionun təhlükəsizliyi və sabitliyini təhdid edən siyasətini davam etdirməsindən narahatlığını ifadə edib.
Xarici İşlər Nazirliyi regionda beynəlxalq hüququn normalarına, dövlətlərin suverenliyinə və təhlükəsiz dəniz nəqliyyatına hörmət edilməsinin vacibliyini bir daha vurğulayıb.







