BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Ticarət Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bəzi hərbi məhsulların, kommersiya peyklərinin və qabaqcıl texnologiyaların ixracını asanlaşdıran yeni qaydalar tətbiq edib.
TurkicWorld xəbər verir ki, ABŞ hökumətinin Federal Reyestrində yayımlanan məlumata əsasən, yeni qərar çərçivəsində BƏƏ hökuməti və təsdiqlənmiş şirkətlər müəyyən qabaqcıl hesablama texnologiyalarına lisenziyasız çıxış əldə edə biləcəklər.
Yeni qaydalar süni intellekt çipləri və serverləri ilə bağlı ixrac prosedurlarını da sadələşdirir. BƏƏ şirkətləri G42 və Core42, eləcə də ölkədə fəaliyyət göstərən ABŞ şirkətləri, o cümlədən Amazon, Apple və xAI bəzi məhsullar üçün əvvəlki lisenziya tələblərindən azad ediləcək.
ABŞ Ticarət Nazirliyi bildirib ki, BƏƏ ilə bu sahədə əməkdaşlıq İran və onun bölgədəki müttəfiqləri, o cümlədən HƏMAS, Hizbullah və husilərə qarşı mübarizə çərçivəsində uzun illər davam edən tərəfdaşlığa əsaslanır.
Məlumatda qeyd olunub ki, BƏƏ son dövrlərdə ABŞ maraqlarının irəlilədilməsi istiqamətində mühüm rol oynayıb və Yaxın Şərqdə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir.
Yeni tənzimləməyə əsasən, Vaşinqton BƏƏ-ni hərbi və ikili təyinatlı məhsullar üzrə daha geniş ixrac istisnalarına imkan verən ölkə qruplaşmasına daxil edib.







