BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Silahlı Qüvvələrinin son iki gün ərzində İranın Hörmüz boğazı sahillərində yerləşən 170-dən çox hərbi hədəfini vurduğu bildirilir.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına istinad edən “Nyu-York Tayms” qəzeti zərbələrin İranın hərbi imkanlarını zəiflətmək məqsədi daşıdığını yazıb.
Məlumata görə, hücumlar hava hücumundan müdafiə sistemlərinə, pilotsuz uçuş aparatları və raketlərin saxlandığı məntəqələrə, sürətli hərbi katerlərə, eləcə də hərbi təminat infrastrukturuna qarşı həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyatların əsas məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücum imkanlarını azaltmaqdır.
Məlumatda qeyd olunur ki, son iki gündə həyata keçirilən zərbələrin sayı iyun ayında baş verən əvvəlki iki günlük gərginlik dövründə ABŞ-nin vurduğu hədəflərin sayından təxminən 14 dəfə çox olub.







