Son dəqiqə

İran Tehran Məşhəd Əli Xamenei dəfn mərasimi Nəcəf Kərbəla Böyük Müsəlla məscidi

Əli Xameneinin yeddi günlük dəfn mərasiminin proqramı açıqlanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi yeddi gün davam edəcək. Mərasimlər İran və İraqın müxtəlif şəhərlərində təşkil olunacaq və milyonlarla insanın iştirak edəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, Əli Xameneinin dəfn mərasimlərinə milyonlarla insanın qatılması gözlənilir. Mərasimlər çərçivəsində İran və İraqın müxtəlif şəhərlərində dini ayinlər və vida yürüşləri keçiriləcək.

Məlumata görə, əvvəlcə mart ayına planlaşdırılan dəfn mərasimi ABŞ və İsrailin İrana qarşı müharibəsinin uzanması səbəbindən təxirə salınmışdı.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, yüksəksəviyyəli rəsmilər, din xadimləri və alimlər mərasimlərdə iştirak edərək ehtiramlarını ifadə edəcəklər.

Şənbə və bazar günləri Tehranda ümumxalq vida mərasimləri keçiriləcək. Əli Xameneinin və ailəsinin bir neçə üzvünün tabutları Böyük Müsəlla məscidində xalqın ziyarəti üçün qoyulacaq.

Mərasimlərin daha sonra İranın digər şəhərlərində, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində davam edəcəyi, yekunda isə Əli Xameneinin doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir.

Mövzuya görə xəbərlər