BAKI,TurkicWorld Orxan Qədirzadə
Livanın dürzi icmasının lideri və Proqressiv Sosialist Partiyasının sabiq sədri Valid Cumbulat Livan ilə Suriya arasında münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini bəyan edib.
O, bu fikirləri Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybaninin Beyruta rəsmi səfəri çərçivəsində keçirilən görüşdən sonra səsləndirib.
Cumbulat bildirib ki, Livan-Suriya münasibətləri bundan sonra qarşılıqlı hörmətə və tarazlı prinsiplərə əsaslanmalıdır. Onun sözlərinə görə, Suriyada əvvəlki siyasi dövr başa çatıb və artıq iki ölkə arasında siyasi və strateji əlaqələrin yeni mərhələsinə başlanılmasının vaxtı yetişib.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani səfər çərçivəsində Livanın yüksək vəzifəli rəsmiləri ilə də görüşlər keçirib.
Danışıqların yekununda tərəflər Livan-Suriya Ali Birgə Komitəsinin yaradılması haqqında saziş imzalayıblar.
Yeni komitənin iki ölkə arasında siyasi, iqtisadi və digər əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafına və ikitərəfli münasibətlərin institusional əsasda möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.







