BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasiminə ölkənin müxtəlif bölgələrindən və xaricdən milyonlarla insanın qatılacağı gözlənilir. Rəsmi məlumatlara görə, mərasim paytaxt Tehranda indiyədək keçirilən ən izdihamlı tədbirlərdən biri ola bilər.
TurkicWorld xəbər verir ki, İranın dövlət televiziyasının yaydığı məlumata əsasən, Əli Xameneinin dəfn mərasimi üçün Tehrana 20 milyondan çox insanın gələcəyi gözlənilir. Bu rəqəm paytaxtın təxminən 10 milyon nəfərlik əhalisindən iki dəfədən çoxdur.
Məlumata görə, vida mərasimləri yalnız Tehranda keçirilməyəcək. İranın müqəddəs şəhərlərindən hesab olunan Qum və Məşhəd şəhərlərində də genişmiqyaslı mərasimlərin təşkili planlaşdırılır.
Rəsmilər həmin şəhərlərdə də çoxsaylı insanların iştirak edəcəyini bildirirlər. Bununla əlaqədar təhlükəsizlik və nəqliyyat tədbirlərinin gücləndirildiyi qeyd olunur.
Mərasimlər zamanı ölkənin müxtəlif bölgələrindən gələcək insanların təhlükəsiz hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurumların hazırlıq işlərini davam etdirdiyi bildirilir.






