BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan ordusunun komandanı Rudolf Heykel ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və onu müşayiət edən hərbi nümayəndə heyətini Beyrutun cənubundakı Yarzə qəsəbəsində yerləşən qərargahında qəbul edib.
TurkicWorld xəbər verir ki, görüş zamanı Livanda və Yaxın Şərqdə son hərbi-siyasi vəziyyət, həmçinin iki ölkənin orduları arasında gələcək əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Rudolf Heykel ABŞ-nin Livana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Livanın təhlükəsizliyi və sabitliyinin qorunması məqsədilə iki ölkənin orduları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş Livanın ötən cümə günü Vaşinqtonda imzalanmış üçtərəfli çərçivə sazişinin icrasına başlaması fonunda baş tutub.
Sazişə əsasən, İsrail ordusunun Livanın cənubundan mərhələli şəkildə çıxarılması prosesi "Hizbullah" silahlı qruplaşmasının tərksilah olunması ilə əlaqələndirilir.







