Son dəqiqə

Fələstin İsrail İordaniya Şərqi Qüds Beynəlxalq hüquq Fuad əl-Məcali Silvan Yunan Pravoslav Patriarxlığı

İordaniya Şərqi Qüdsdə kilsə torpaqlarının ələ keçirilməsini pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İordaniya işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsində Yunan Pravoslav Patriarxlığına məxsus torpaq sahəsinin İsrail tərəfindən nəzarətə götürülməsini kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, İordaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Fuad əl-Məcali bunun beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu bildirib.

Onun sözlərinə görə, bu addım Qüdsdə mövcud olan tarixi və hüquqi statusa qarşı yönəlmiş müdaxilədir. Fuad əl-Məcali vurğulayıb ki, İordaniya Qüdsün statusunu dəyişdirməyə yönəlmiş bütün birtərəfli, qanunsuz və təxribat xarakterli addımları qəti şəkildə rədd edir.

Sözçü qeyd edib ki, İsrailin işğal altındakı Qüds və şəhərin müsəlman və xristian müqəddəs məkanları üzərində suverenliyi yoxdur.

Fuad əl-Məcali əlavə edib ki, bölgədə ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Məlumata görə, İsrail hakimiyyəti bazar ertəsi günü sözügedən torpaq sahəsinə nəzarəti ələ keçirib. Hadisə zamanı patriarxlığın nümayəndəsi ərazidən çıxarılıb, avadanlıqlar müsadirə olunub, ağaclar kökündən çıxarılıb və ərazi hasara alınıb.

Mövzuya görə xəbərlər