BAKI,TurkicWorld,Yusif Şərifzadə
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin işğal altındakı Qərb Sahilində yerləşən Hebron şəhərinin statusunu zəiflətmək cəhdlərini kəskin şəkildə tənqid edib.
TurkicWorld xəbər verir ki, bu barədə təşkilatın Baş katibliyinin sosial media hesabında bəyanat yayımlanıb.
İƏT İsrailin maliyyə nazirinin İbrahimiyyə məscidi, Köhnə şəhər və ətraf ərazilər üzərində Hebron bələdiyyəsinin səlahiyyətlərinin alınması ilə bağlı qərarına etiraz edib.
Bəyanatda qeyd olunur ki, İsrail 1967-ci ildən işğal altında saxladığı Fələstin əraziləri üzərində suverenliyə malik deyil.
Təşkilat BMT və UNESCO qərarlarına istinad edərək Hebron və onun müqəddəs məkanlarının beynəlxalq hüquqla qorunduğunu bildirib.
İƏT həmçinin Hebron sazişinin ləğvi və səlahiyyətlərin İsrail tərəfinə verilməsini ciddi narahatlıq doğuran addım kimi qiymətləndirib.
Fələstin rəsmiləri də bu qərarı tənqid edərək beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıblar.
Təşkilat İbrahimiyyə məscidi və Köhnə şəhərin qorunmasının vacibliyini vurğulayıb və onların UNESCO-nun təhlükədə olan irs siyahısına daxil olduğunu xatırladıb.







