BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı Oman körfəzində İrana doğru hərəkət edən neft tankerinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, yayılan məlumata görə, Palau bayrağı altında üzən və yük daşımayan “Marivex” tankeri ABŞ hərbçilərinin göstərişlərinə əməl etmədiyi üçün hədəfə alınıb.
Açıqlamada bildirilir ki, ABŞ-a məxsus döyüş təyyarəsi tankerin mühərrik və idarəetmə hissələrinə yüksək dəqiqlikli zərbə endirib.
Nəticədə gəmi hərəkət qabiliyyətini itirib və marşrutunu davam etdirə bilməyib.
“Marivex artıq İrana doğru üzmür”, – deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında qeyd olunub.
Məlumata görə, hadisə Vaşinqtonun İrana qarşı həyata keçirdiyi dəniz məhdudiyyətləri çərçivəsində atılan növbəti addım hesab olunur.
ABŞ tərəfi bildirib ki, aprelin 13-dən etibarən həyata keçirilən əməliyyatlar zamanı göstərişlərə əməl etməyən 7 gəmi hərəkətsiz vəziyyətə salınıb, 134 gəminin marşrutu dəyişdirilib.
Eyni zamanda humanitar yardım daşıyan 42 gəminin hərəkətinə icazə verildiyi açıqlanıb.
Son hadisə ABŞ və İran arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Müşahidəçilər hesab edirlər ki, belə addımlar regionda təhlükəsizlik risklərini artırmaq potensialına malikdir.







