BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Qızıl Aypara Cəmiyyəti son 24 saat ərzində hücuma məruz qalan bölgələrdə genişmiqyaslı yardım əməliyyatlarının həyata keçirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, təşkilatın sözçüsü Möctəba Xalidi İsrailin hücumlarından təsirlənən 12 əraziyə xilasedici qrupların göndərildiyini bildirib.
Onun sözlərinə görə, hazırkı məlumata əsasən hadisələrlə bağlı ölüm faktı qeydə alınmayıb.
Möctəba Xalidi vurğulayıb ki, yaralılara yardım göstərilməsi, əhalinin təhlükəsizliyinin təmin olunması və mümkün fövqəladə hallara operativ müdaxilə məqsədilə bütün qüvvələr səfərbər edilib.
O bildirib ki, ölkə üzrə fəaliyyət göstərən bütün yardım məntəqələri və 110 min könüllü yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinin sözlərinə görə, zərər çəkmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi, yaralıların təxliyəsi və humanitar yardımın çatdırılması istiqamətində işlər fasiləsiz davam etdirilir.
İran və İsrail arasında son günlər yenidən yüksələn gərginlik fonunda fövqəladə xidmət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.







