BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman sahilləri yaxınlığında tankerdə baş verən yanğın nəticəsində gəminin heyəti təhlükəsizlik məqsədilə təxliyə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi məlumat yayıb.
Məlumata görə, hadisə Omanın Masirah adasının şimal-şərq istiqamətində qeydə alınıb. Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib.
Bildirilir ki, hadisəyə reaksiya tədbirləri Oman və Hindistanın aidiyyəti qurumları tərəfindən koordinasiya olunur.
Rəsmi məlumatda qeyd edilir ki, tankerin heyəti təhlükəsiz şəkildə təxliyə olunub və hazırda onların vəziyyəti ilə bağlı hər hansı mənfi məlumat yoxdur.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi ətraf mühitə zərər dəyməsi ilə bağlı hələlik heç bir məlumatın daxil olmadığını açıqlayıb.
Qurum bölgədən keçən digər gəmilərə ehtiyatlı olmaları, şübhəli vəziyyət və ya fəaliyyət müşahidə etdikləri halda dərhal aidiyyəti orqanlara məlumat vermələri barədə xəbərdarlıq edib.
Yanğının səbəbləri və tankerin hansı həcmdə zərər gördüyü ilə bağlı araşdırmalar davam edir.







